Valideyn, tərbiyəçi və müəllim olmamışdan öncə özünüzü tərbiyə edin

Araşdırmalara görə insanın şəxsiyyətinin 70 faizi 7 yaşına qədər formalaşır. 14 yaşda isə şəxsiyyətin 90 faizi tamamlanır. 14 yaşdan 21 yaşadək insanın şəxsiyyəti kamilləşir, özünəməxsus dünyagörüşü olur və ətrafda baş verənləri dərk və analiz edə bilir. Buna görə də İslam deyir ki, uşaq 7 yaşınadək şahdır (azadlıq öyrənir), 7 yaşdan 15 yaşadək nökərdir (yaşına uyğun çətinliklər görməli və bərkə-boşa düşməlidir) və 15 yaşından sonra isə vəzirdir, yəni həm azadlığı dadmış və həm də yaşına uyğun olaraq həyatın çətin üzünü görmüş yeniyetmənin iki təcrübədən doğan əqli inkişafının tamamlanması və şəxsiyyətin tam kamilləşməsi dövrü başlayır. İnsanda 21 yaşınadək formalaşan mahiyyət bəzi hallar istisna olmaqla, sonradan elə də gözəçarpacaq dəyişikliyə məruz qalmır. Bu yaşdan sonra mənfi xüsusiyyətlərini dəyişmək istəyən insan nəfsi ilə çox çətin bir mübarizəyə girməli olur. Buna görə də İslam dinində insanın tərbiyəsi hətta ana bətnində belə gecikmiş sayılır. Ata olmaq istəyən kişi və ana olmaq istəyən xanım bunun üçün mənəvi hazırlıq görməli, cimsi, nəfsi və ruhunu pak, saleh və sağlam bir övlad dünyaya gətirmək üçün hazırlamalıdır. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, uşağı körpə ikən bağça və məktəbdə nəfsinə tabe olan axmaqların öhdəsinə buraxmaq çox təhlükəlidir. Əksər hallarda bağça və məktəblərdə “tərbiyəçi” və “müəllim”lər körpə uşaqlarla sərt davranır, kobudluq edir, söyüş söyür və təhqir edirlər. Həmçinin Avropa “mədəniyyəti”nin təsirləri altında axmaq və bayağı şeyləri təbliğ edirlər… Buna görə də valideynlər uşaqları bacardıqları qədər özləri tərbiyə etməli, uşaqların mənəviyyatına, əxlaqına və dini dəyərləri qavramasına xüsusi diqqət yetirməlidirlər. Əgər valideynlər məcbur qalıb uşaqlarını 7 yaşdan öncə bağça və məktəbə göndərirlərsə, müəllim seçimində diqqət etməli və müəllimlərin uşaqla necə davrandığını daima nəzarətdə saxlamalıdırlar.

İlahiyyatçı alim Mirməhəmməd Bəşir