İraqdakı şiə müsəlmanların böyük təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətini qəbul edib.

İslam313.info xəbər verir ki, bu barədə Ayətullah Seyid Əli Sistaninin mətbuat xidməti məlumat verib.

Ayətullah Sistaninin dəftərxanasından verilən açıqlamada bildirilib:

“Ayətullah Seyid Əli Sistani Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib”.

Görüş zamanı Ayətullah Sistani sülh şəraitində birlikdə yaşamaq, zorakılıq və nifrəti rədd etmək üçün birgə səylərin vacibliyini vurğulayıb.

Ayətullah Seyid Əli Sistani Moratinosa vəzifəsinin icrasında uğurlar arzulayıb və onun salamlarını Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə çatdırmasını istəyib.

Görüşdə BMT-nin İraqa Yardım Missiyasının (UNAMI) rəhbəri Jeanine Hennis-Plasschaert də iştirak edib.

İslam313.info