Hazırda dünya müsəlmanlarının ən çox istifadə etdiyi Quran xətti Osman Taha çapıdır. Müqəddəs kitabın son iyirmi ildə istifadə olunan hər on nüsxəsindən doqquzunu açsaq, bu adın həkk olunduğunu görərik.

Osman Taha kimdir?

Əbu Mərvan Osman ibni Əbdih ibni Huseyn ibni Taha Əl-Hələbi Əl-kurdi adını Quran nəşrlərinə əbədi həkk edən bir xəttatdır. Osman Taha kimi tanınan xəttat 1934-cü ildə Suriyanın Kürdüstan əyalətində dünyaya gəlib. Atası Əbdih Hüseyn Taha yaşadıqları məntəqədə məscid imamı olub.

Osman Taha İslam Şəriəti üzrə bakalavr təhsili almaqla yanaşı, xəttatlıq, islam incəsənəti və rəssamlıq sənətinə də yiyələnib. 70-ci illərdə artıq Qurani-kərimi özünəməxsus üslubda yazmağa başlayır və zaman zaman bu işi təkmilləşdirir. 1988-ci ildə Mədinəyə köçür və orada fəaliyyətini davam etdirir. Təqribən o illərdən başlayaraq Səudiyyə Ərəbistanı və digər islam ölkələrində çap olunan bütün Quranlar ustad Osman Taha xətti ilədir.

Osman Taha xəttinin üstunlükləri

Osman Taha xəttinin ən mühüm üstünlüyü onun fövqəladə nizamıdır. Belə ki, bütün səhifələr 18 sıradan ibarətdir və səhifənin əvvəli ayənin əvvəli ilə başlayaraq ayənin sonu ilə bitir. Heç bir səhifədə ayə yarımçıq qalmır. Ustadın məharəti Quranın ən uzun ayəsi olan Bəqərə surəsinin 282-ci ayəsini bir səhifəyə yerləşdirməsində xüsusi olaraq özünü göstərir. Xəttat müqəddəs kitabın əvvəlində və sonunda iki səhifəni xüsusi dizayn etməklə 604 səhifədə bütün Quranı yazmışdır. Bu da, öz növbəsində Quranın 20 səhifədən ibarət 30 hissəyə (cüz) rahat bölünməsini təmin edib.

Osman Taha xəttinin digər əhəmiyyəti onun yeddi məşhur qiraət arasında Həfs ibni Süleyman ibni Müğeyrə Əl-Əsədi Əl-Kufinin tabeindən olan (səhabələri görən) Asim ibni Abin-Nucud Əl-Kufidən etdiyi nəqlə əsaslanmasıdır. Asim də öz növbəsində bu qiraəti İmam Əlidən (ə) və başqa səhabələrdən öyrənmişdir.

Həmçinin 14 əsrlik tarixdə yazılan Quranlar arasında Osman Taha xəttini ən mükəmməl və dəqiq işarələr (erablar, vəqf, mədd və s. əlamətlər) qoyulmuş xətt hesab edə bilərik.

Osman Taha xəttinin səhvləri

Bütün üstünlüklərinə baxmayaraq, dünyada ən çox yayılmış Qurani-kərim nəşrində dəfələrlə redaktə olunsa da, önəmli səhvlər qalmaqdadır. Belə ki, bu səhvlərin bəziləri oxuyan şəxsin ərəb dilinin qrammatikasına tam əhatəli bilgisi olmazsa, mənanı səhv anlamağına səbəb ola bilər.

Bu səhvlərin bəzilərinə işarə edirik:

  • Bəzi yerlərdə ayrı-ayrı yazılmalı olan iki müstəqil kəlmə bitişik yazılıb. Hansı ki, bu bitişmə yeni və tamamilə fərqli məna daşıyan kəlmə yaradır.

Misal olaraq, “innə ma” və “ənnə ma” kəlmələri iki müstəqil kəlmə olduqları üçün ayrı yazılmalıdır. “İnnə ma” ayrı yazıldıqda “həqiqətən, o şey ki” mənasını verir. Bitişik olduqda isə bir kəlmə olaraq (innəma) “yalnız” (inhisar) mənasını verir. Osman Taha bu kəlməni Quranda iki yerdə doğru (ayrı) yazsa da, 10 yerdə səhv (bitişik) yazmışdır (Fərqləri “Həcc” surəsinin 62-ci ayəsi ilə “Ğafir” surəsinin 43-cü ayələrini müqayisə edərək görə bilərsiniz).

“Bisə-ma”, “Əynə-ma” kəlmələrində də həmin səhv bir neçə yerdə təkrar olunmuşdur.

Bunun əksi olaraq bəzən bitişik yazılmalı olan kəlmələr ayrı yazılmışdır. Nümunə olaraq, məlum olduğu kimi səbəbiyyət “Lam” şəkilçisi (Lam carrə) özündən sonrakı ismə birləşməlidir. Əksər hallarda bu qayda riayət olunsa da, ustad dörd yerdə şəkilçini isimdən ayrı yazıb. Bu isə ortaya çıxan tərkibin səhv anlaşılmasına səbəb olur (misal üçün bax: Məaric surəsi, ayə 36).

  • Bəzi yerlədə kəlmələri mənasız, yaxud çətin anlaşılan hala gətirən artıq hərflərdən istifadə olunub. Məsələn “Zariyat” surəsinin 47-ci ayəsində “əyd” (əllər) kəlməsinə heç bir səbəb olmadan bir yox, iki “y” hərfi yazılıb. Oxşar səhv “fə-in” kəlməsində də var. Təqribən 100 dəfə təkrar olunan bu mürəkkəb kəlmə iki dəfə yersiz olaraq “y” hərfi artırılaraq yazılıb (bax: Ali Iman surəsi, ayə-144 və Ənbiya surəsi, ayə-34).
  • Bəzi hallarda eyni kəlmə fərqli-fərqli formada yazılıb. Məsələn, İbrahim sözü 15 dəfə “İbrahim” 54 dəfə isə “İbrahiim” (ya ilə) yazılıb. Həmçinin bəla, cəza, əbna, şurəka, dua kimi sözlər də Osman Taha xəttində heç bir əsas olmadan iki fərqli formada yazılıb.

Sonda bir mühüm qeydi bildirmək zəruridir. Yazılışda buraxılan səhvlər qətiyyən Quranın təhrif olunması (dəyişməsi) mənasını vermir. Ümumiyyətlə bunlar fərqli mövzulardır. Qurani-kərim şifahi mətndir və bu mətn nazil olduğu kimi qalmış, bir hərf belə artıb-azalmamışdır. Kitabət isə zaman-zaman fərqli üslublarda yazılmış, təbii ki, tamamilə səhvsiz olmamışdır.

Yalnız, əziz Quransevərlər ayrı-ayrı xəttatlıq nümunələrindən doğan səhvlərə düçar olmamaq üçün qiraəti məna ilə tətbiq etməyə səy göstərməlidirlər.(salamnews.org)