Rusiyanın sərmayəsi ilə dəmir yolu layihəsinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində tikintisi nəzərdə tutulur. Bu da verilən proqnozdan bir il azdır.

İran və Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması haqqında razılıq əldə olunub. Rusiyanın sərmayəsi ilə dəmir yolu layihəsinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində tikintisi nəzərdə tutulur. Bu da verilən proqnozdan bir il azdır.

Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.

Bu gün Rusiya Prezidenti Vladimir Putinin xüsusi köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin rəsmiləri ilə birlikdə Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcək (APA).

Qeyd edək ki, 164 kilometrlik Rəşt-Astara yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib.

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).

İslam313.info

By Admin