Avropada 7 ölkə seçkilərdən sonrakı koalisiya danışıqları, etimad səsverməsinin alınmaması və ya baş nazirin istefası səbəbindən yeni hökumətini axtarır.

Almaniyada keçirilən parlament seçkilərindən sonra yeni hökuməti qurmaq üçün partiyalar arasında çətin koalisiya sövdələşməsi başlayıb.

Maraqlıdır ki, 16 illik Angela Merkel (CDU) rəhbərliyindən sonra, ölkədə yeni hökumət necə formalaşacaq. Parlament seçkilərində 25,7% səslə qalib gələn Sosial Demokrat Partiyası (SPD) ilə Yaşıllar və Azad Demokratlar (FDP) arasında koalisiya danışıqları başlayıb. Seçkilərdən 2,5 həftə sonra başlayan danışıqlar uğurlu olarsa, SPD-nin rəhbərliyi altında hökumət qurulacaq. SPD Milad bayramına qədər hökuməti qurmaq üçün səy göstərəcəklərini və danışıqlar prosesinin 2017-ci ildəki qədər uzanmasını istəmədiklərini açıqlayıb. Xüsusilə Yaşıllar və FDP arasında vergi, ekologiya və iqlim mövzusunda dərin fikir ayrılıqları var. 3 partiyadan ibarət koalisiya hökumətinin 1953-cü ildən bəri ilk dəfə gündəmdə olması və fikir ayrılıqlarının olması səbəbindən danışıqların yeni ildən sonraya qədər davam edə biləcəyi şərh edilir. 2017-ci ildə koalisiya danışıqları 172 gün, 2013-cü ildə isə 86 gün davam etmişdi. Angela Merkel hökuməti Almaniyada yeni hökumət qurulana qədər xidmətini davam etdirəcək.


Avstriyada erkən seçki perspektivləri

Avstriyada “rüşvət və etibardan sui-istifadə” ittihamı ilə istintaqa cəlb edilən baş nazir Sebastian Kurz vəzifəsindən istefa verib. Kurz rəhbəri olduğu Avstriya Xalq Partiyasının (ÖVP) sədrliyindən əl çəkməsə də, 2020-ci ilin yanvar ayında qurulan ÖVP-Yaşıl Partiya koalisiyasını qorumaq üçün baş nazirlik kreslosunu partiyasından olan xarici işlər naziri Aleksandr Şallenberqə verib. Bir müddət müqavimət göstərdikdən sonra, Kurzun atdığı bu addım nəticəsində ölkədə hökümət böhranı nisbətən yüngülləşsə də, müxalifət tərəfində Kurzun “kölgə baş nazir” olacağı və “Kurz sistemi” verilən nizamın davam edəcəyi fikri hakimdir. Hazırkı hökumətin uzun sürməyəcəyi və erkən parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı fikirlər var.

Çexiyada vəziyyət aydın deyil

8-9 oktyabr tarixlərində Çexiyada keçirilən parlament seçkilərinin nəticələri gözləntilərin əksini sübut etdi. İqtidardakı Narazı Vətəndaşlar Hərəkatı (ANO) 27,17%-lə ən çox səs toplayan partiya olsa da, seçkilərin qalibi üç partiyanın qurduğu müxalifət hökuməti (Spolu) olub. Prezident Miloş Zemanın daha əvvəl də açıqladığı kimi, hökumətin ən çox səs toplayan partiyaya təkbaşına verəcəyi gözlənilir. Bununla belə, ANO parlamentə daxil olan ifrat sağçı Azadlıq və Birbaşa Demokratiya Partiyası (SPD) ilə razılaşsa belə, hökuməti qurmaq üçün lazım olan çoxluğu təmin edə bilmir. 200 yerlik parlamentdə birlikdə 108 yer qazanan müxalifət koalisiyası heç vaxt ANO ilə görüşməyəcəyini açıqlayıb. Bu səbəbdən, prezident Zeman hökuməti qurma vəzifəsini seçkilərdə qalib gələn müxalifət ittifaqına yox, ANO-nun lideri baş nazir Andrej Babişə verərsə, ölkədə uzun müddət siyasi qeyri-müəyyənliyin yaşanacağı proqnozlaşdırılır. Hökumətin qurulmasında həlledici rol oynayan 77 yaşlı Zemanın son günlər səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi də ölkədə narahatlıq yaradır.

Hollandiyada 210 gündür hökumət qurulmayıb

15-17 mart tarixlərində Hollandiyada keçirilən parlament seçkilərindən 210 gün keçməsinə baxmayaraq, hələ də hökumət qurulmayıb. 150 yerlik parlamentə ümumilikdə 17 partiyanın daxil olduğu Hollandiyada, ən azı 4 partiyadan ibarət koalisiyanın qurulacağı gözlənilirdi. Müvəqqəti hökumətin idarə etdiyi ölkədə yeni hökumətin formalaşması üçün aparılan koalisiya danışıqları uğursuz davam edir. İndiyə qədər çoxluq və ya azlıq koalisiyası qurmaq cəhdlərində uğursuz olan partiyalar yenidən dörd tərəfli koalisiya üçün danışıqlara başlayıblar. Bəzi müxalifət partiyaları koalisiya danışıqlarının bərpasını tənqid edir, yeni seçkilərin keçirilməsini dəstəkləyirlər. Ölkədəki mövcud vəziyyətin dəyişmədiyini iddia edən bəzi müxalifət partiyaları seçicilərin iradəsinin nəzərə alınmadığı fikrini irəli sürülər. 2017-ci ildə Hollandiyada keçirilən parlament seçkilərdən sonra koalisiya hökumətinin qurulması 225 gün çəkmişdi.

Bolqarıstan üçüncü dəfə seçkilərə gedir

Bolqarıstanda aprelin 4-də keçirilən parlament seçkilərindən sonra koalisiya hökuməti qurmaq cəhdləri uğursuz olub və erkən seçkilərin iyulun 11-də keçirilməsinə qərar verilib. Bu tarixdəki parlament seçkilərindən sonra qurulan parlamentdə, 65 nəfərdən ibarət ən böyük qrupa sahib olan Belə Bir Xalq Var (ITN) partiyası da hökumət qurmaq cəhdində uğursuz olub. Prezident Rumen Radev 16 sentyabrda parlamenti buraxıb və seçkilərdən əvvəl qurduğu müvəqqəti texnokratlar hökumətini yenidən qurub. Üç naziri əvəz edən Radev 14 noyabrda erkən parlament seçkilərinin keçiriləcəyini və ölkəni seçkilərə aparacaq hökumətin baş naziri olaraq Stefan Yanevin davam edəcəyini açıqlayıb. Beləliklə, Bolqarıstan bir ildə üçüncü dəfə seçkilərə gedəcək.

Norveç yeni hökumətini gözləyir

Sentyabrın 13-də Norveçdə keçirilən parlament seçkilərindən bir ay keçsə də, hökumət hələ də qurulmayıb. Leyboristlərin lideri Yonas Qar Stoerenin rəhbərlik etdiyi solçu blok Norveçdəki parlament seçkilərində qalib gəlsə də, hökuməti qurmaq üçün kifayət qədər çoxluğa sahib ola bilməyib. Stoere koalisiya danışıqlarından sonra verdiyi açıqlamasında Sosialist Sol Partiyası (SV) və Mərkəz Partiyası (SP) ilə böyük koalisiya qurmaq istədiklərini, ancaq bacara bilmədiklərini bildirib. Yonas Qar Stoere sağçı blokda olan Mərkəz Partiyası (M) ilə azlıq hökuməti qurmaqda mühüm irəliləyiş əldə etdiklərini və gələn həftə hökumət qura biləcəklərinə ümid etdiklərini bildirib.

Rumıniya hökuməti etimad səsi ala bilmədi

6 dekabr 2020-ci ildə Rumıniyada keçirilən seçkilərdən sonra, prezident Klaus Yohannis, hökuməti qurma mandatını, əvvəllər lideri olduğu və seçkilərdə ikinci yeri tutan sağ mərkəzçi Milli Liberal Partiyaya (PNL) verib. PNL sədri Florin Situnun qurduğu azlıq hökuməti 5 oktyabr sessiyasında etimad səsini qazana bilməyib. Prezident Yohannis, hökumət qurma mandatı vermək üçün PNL-dən bir ad gözlədiyini açıqlayıb. Seçkilərdə qalib gələn Sosial Demokrat Partiyasının (PSD) lideri Marsel Çolaku da buna etiraz edib və siyasi böhrana son qoymaq üçün erkən seçkilərə ehtiyac olduğunu bildirib.

Kazım Əlibəyli
Deyerler.org