Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi velosiped nəqliyyatının inkişafına dair tədbirlər planı hazırlayıb.

Agentlikdən Az.shafaqna.com-a verilən məlumata görə, plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

shafaqna.com

Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb.

Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.

Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1.5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.

Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub:

1. yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə;

2. digər ərazilərdə isə tikinti-quraşdırma işləri aparılmaqla.

Bu il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib. Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.