Puerto Rikonun sakini Emilio Flores Markes dünyanın hazırda yaşayan ən yaşlı kişisi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Report” “Guinness World Records”a istinadən xəbər verir ki, 1908-ci ilin 8 avqust tarixində dünyaya gələn Markes ailədə 10 uşağın böyüyü olub, ailənin şəkər qamışı fermasında çalışıb. 75 illik evlilikdən sonra həyat yoldaşını 2010-cu ildə itirən Markes dörd övlad, beş nəvə, beş nəticə sahibidir. Övladlarının ikisi sağdır.

Uzun yaşamağın sirrini bölüşən Markes həmişə sevgini kin-küdurətdən üstün tutduğunu deyib: “Atam məni sevgi ilə böyüdüb, hamını sevməyi öyrədib. Mənə də, bacı-qardaşlarıma da yaxşılıq etməyi, əl tutmağı və bölüşməyi məsləhət görüb”.

Bundan əvvəl dünyanın ən yaşlı sakini olmuş rumıniyalı Dumitru Komenesku 2020-ci il 27 iyun tarixində, 112 yaşında dünyasını dəyişib.