“Şəhidin ölüm şəhadətnaməsini, doğum haqqında şəhadətnaməsini ailələr pulu ilə təsdiq etdirir.  Budurmu verilən dəyər? Ya bütün notariuslara tapşırılmalıdır ki, şəhid ailələrinə xidmətlər ödənişsizdir, ya da qanundan həmin maddəni çıxartsınlar ki, bilək bu maddə yoxdur. Qanunda maddə var, notariuslar bizə minnət qoyur. Rayonlarda və Bakıda şəhid ailələrinə notariusun müdiri deyir ki, mən bunu öz cibimdən ödəyəcəyəm. Niyə belə olmalıdır? Şəhidin ölüm şəhadətnaməsi niyə pulla təsdiq olunmalıdır?”.

İslam313.info SİTAT.İNFO-ya istinadən xəbər verir ki, bu sözləri şəhid Vüsal Vəliyevin qardaşı, gənc alim Elyar İslamoğlu Reaksiya TV-nin efirində dilə gətirib. 

Onun sözlərinə görə, bu kimi problemlər gənclərə, yeniyetmələrə, xüsusən də gənc əsgərlərə mənfi nümunə olur: “Bunu görən övladlarımız nə düşünür? Şəhid anası var ki, soyuqda qalıb, evində üşüyür. Biz məsələni ictimailəşdirdikdən sonra gedib həll edirlər. Halbuki neçə dənə qurum var, şəhid ailələri ilə iş üzrə şöbə var. Elə rayonlar var ki, oradakı nə icra hakimi, nə  şəhid ailələri ilə iş üzrə şöbəsi şəhid atasının adını bilmir. Kimisi binanın üstünə şəkil vurmağa icazə vermir, kimisi bulaq tikməyə qoymur. Başa düşsünlər ki, bunlar şəhid ailələrinin yeganə təskinliyidir. Sizin dəmir parçası dediniz lövhələr, orden medallar şəhid anası üçün övladı kimi əzizdir”.

İslam313.info