Bakı şəhəri, Xətai rayonunda Qarabağ müharibələrinin şəhidləri Rəfiyev Ülvi Rəfail oğlu və Cəfərov Zaur Fuad oğlunun adlarına xatirə bulağının açılışı olub.

“Report”un məlumatına görə, mərasimdə hər iki şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri və digər ictimaiyyət üzvləri iştirak ediblər.

Qeyd edək ki, bu gün 25 yaşı olan şəhid Ülvi Rəfiyev 1996-cı il avqustun 16-da Ordubad rayonunda anadan olub. ll Vətən müharibəsinin iştirakçısı Ü.Rəfiyev 2020-ci il oktyabrın 15-də, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Rəfiyev Ülvi Rəfail oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

I Qarabağ müharibəsi şəhidi Zaur Fərəcov isə 1974-cü il sentyabrın 2-də Bakıda dünyaya göz açıb. O, 1994-cü il yanvarın 28-də Xocavənd uğrunda gedən döyüşlərdə itkin düşüb. 1999-cu il sentyabrın 22-də Z.Cəfərova Şəhid statusu verilib.