Azərbaycan hökumətinin noyabrın 24-də Suriyadan qaytardığı daha 16 nəfər vətəndaşımıza sosial xidmət müəssisəsində sosial reabilitasiya xidmətlərinə başlanıb.

İslam313.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi repatriantların qarşılanmasını və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsini təmin edib. Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

İslam313.info