Hərarət yüksələndə nə etməli?

Hərarət bir çox səbəblərə görə yüksələ bilər. Ən çox infeksiyalar zamanı temperaturun yüksəlməsini görürük. Əslində hərarətin bir qədər yüksəlməsinin faydası var. Çünki bu zaman immun sistem aktivləşir və bədən o xəstəliklə (mikrob və viruslara qarşı) mübarizə aparır. Ona görə hərarətin bir qədər yüksəlməsi zamanı dərhal qızdırmasalıcı dərmanlar verməyin.

Hərarətin ölçülməsi onun yerinə görə dəyişir. Ağızdan, qoltuqaltından, qulaqdan və sair yerlərdən ölçmək olar. Bu zaman hərarət də müxtəlif olur. Çünki bədənimizin fərqli yerlərində temperatur fərqlidir. Hər bir ölçmə metodunun özünün mənfi (çatışmayan) və müsbət tərəfləri var. Ancaq ən asan və praktik üsul elektron üsulla qoltuqaltından ölçməkdir. Qoltuqaltından edilən ölçmə zamanı hərarət 38-38.5 olduqda hərarəti aşağı salmaq üçün tədbirlər görülməlidir.

Yüksək hərarət zamanı istifadə etdiyimiz çox sayda qızdırmasalıcı dərmanlar var. Onlar tərkibinə görə 2 növü ayrılır:

  1. Parastamol tərkibli sirop və şamlar
  2. İbuprofen tərkibli sirop və şamlar

Preparata görə dərmanın dozası da dəyişir. Bu dərmanlar 4-8 saat fasilə ilə verilə bilər. Bəzən valideynlər dərmanın siropunu verir, hərarət düşmədikdə isə həmin dərmanın şam formasından istifadə edirlər. Bu isə eyni tərkib olduğuna görə ikiqat doza deməkdir. Bəzən elə olur ki, bütün tədbirlər görülsə də, hərarət düşmür. Bu zaman analgin (metamizol natriy) tərkibli dərman əzələ daxilinə və ya damar yolu ilə təyin edilə bilər. Amma unutmaq olmaz ki, analgin iynəsi ən son çarədir! Balaca körpələr üçün bu iynə çox risklidir. Ciddi allergik reaksiya verə bilər. Ona görə iynə həkim nəzarəti altında vurulmalıdır.

Dərman preparatlarından başqa hərarəti aşağı salmaq üçün digər tədbirlər də var.

Bunlara otağın sərin olması, uşağın nazik geyindirilməsi, alnına, qoltuqaltına su ilə isladılmış bezlərin qoyulması və ya ilıq duş edilməsi aiddir. Bunlarla bərabər uşağa bol-bol maye içirtmək də çox vacibdir. Yəni bu cür mexaniki üsullarla da hərarəti endirmək mümkündür.

Uzman Dr. Pediatr-Neanatoloq Altay Abdullaoğlu

İslam313.info