Hamının Əl-Əqsa kimi tanıdığı məscid əslində Səhra qübbəsidir. Sirat.az bu iki tarixi abidə haqqında məqalə hazırlayıb.

Əl-Əqsa məscidi:

Məscidul-Əqsa və ya Beytul-Müqəddəs İslam dininin üçüncü ən müqəddəs məkanlarından biridir. Əl-Əqsa Qüds şəhərində yerləşir və onun adı Azərbaycan dilində “Ən uzaqdakı məscid” mənasını daşıyır. O, müsəlmanların ilk qibləsi hesab olunur.

Tarixdə məscidin inşasına Davud peyğəmbər (ə.s) tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər (ə.s) tərəfindən tamamlandığı rəvayət olunur. İnşa tarixinə görə, Əl-Əqsa Məkkədəki Məscidul-Həramdan sonra tikilən ikinci ən qədim məsciddir.

Bu müqəddəs yer barədə Qurani-Kərimdə belə qeyd olunur: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini Məscidul-həramdan ətrafını mübarək etdiyimiz Məscidul-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidəndir, görəndir” (İsra, 1).

Əməvilərin xilafəti dövründə Əl-Əqsanın ərazisi genişləndirilib. 1033-cü ildə isə ibadət evi zəlzələ nəticəsində dağılıb və Fatimilər xilafəti zamanı bərpa olunub.

Səhra Qübbəsi:

Əksər insanların Əl-Əqsa kimi tanıdığı məscid həqiqətdə Qubbətus-Səhra, yəni “Qayanın qübbəsi” adlanır. Əl-Əqsa ilə eyni kompleksdə yerləşən bu müqəddəs məkan dövrümüzədək gəlib çatan ən qədim İslami tikililərdən biridir. Onun inşa tarixi 685-691-ci illərə təsadüf edir. Qübbəni inşa edən isə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvandır.

Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə, məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Məhəmməd peyğəmbər (s) meraca yüksələrkən Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayır. Bu səbəbdən də həmin qayanın üzərində qübbə tikilərək sözügedən məkan müsəlmanların ziyarət yerinə çevrilib.

İslam313.info