Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan səfiri Əli Əlizadə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Səfirlikdən verilən xəbərə əsasən, görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da artırılması, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın vaxtı ilə işğalda olmuş ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək və bu abidələrin bərpası və qorunmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirin.

Səfir Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfuzlu mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini qeyd edib.

Görüşdə həmçinin, qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İslam313.info