Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar. Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün Məcəllənin qəbul olunması önəmlidir:

“Süni surətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır. Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu”.

Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:

“İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədə qiyməti 3,2 manat olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını düşünürəm ki, Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”. (Report)

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 28 dekabr 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

İslam313.info

By Admin