Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyi nəticəsində 49 yaşında dünyasını dəyişib.

Bu barədə teatrşünas Anar Bürcəliyev öz sosial şəbəkə hesabında bildirib.

“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, – A. Bürcəliyev qeyd edib.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Bədxassəli şiş əvvəl aktrisanın uşaqlıq yolunda olub. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılıb.

Aktrisa hələ ötən ilin aprelində bildirmişdi ki, 42 dəfə kimyaterapiya və 40 dəfə şüa terapiyası qəbul edib. Əvvəllər 20 gündən bir, sonra isə həftəlik kimyaterapiya müalicəsi qəbul etdiyini vurğulayan T.Əliyeva xəstəliyinin ağciyər, qaraciyər və sümüyünə qədər yayıldığını demişdi.

Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, “Müqəddəs Valentin günü”), Natella (M.Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A.Rəhimov “Pul hərisləri”), Qadın (H.Mirələmov, “Ləyaqət”), Mehriban (Ə.Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü.Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”) rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən “Çal-çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazı ilə tanınıb.

Tünzalə Əliyevanın Zəhra adında bir azyaşlı qızı var.

İslam313.info

By Admin